Prezident İlham Əliyev: Azərbaycan və Xorvatiya arasında çox geniş iqtisadi və siyasi əməkdaşlıq mövcud olacaq (FOTO)

- politics - az.trend.az ~ 4 год назад. Просмотрено 64 раз.
Prezident İlham Əliyev: Azərbaycan və Xorvatiya arasında çox geniş iqtisadi və siyasi əməkdaşlıq mövcud olacaq (FOTO)

Azərbaycan, Bakı, 12 mart /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçin bazar ertəsi mətbuat konfransı olub.

Dövlət başçıları əvvəlcə bəyanatlarla çıxış ediblər.

"Əvvəlcə cənab Prezident, Sizi Azərbaycanda bir daha salamlamaq istərdim. Çox şadam ki, Siz ölkəmizə böyük nümayəndə heyəti ilə gəlmisiniz, həmçinin biznes dairələrinin də nümayəndələri vardır. Bu gün bizim onlarla görüşümüz olacaqdır. Əminəm ki, bu səfər münasibətlərimizin gələcək inkişafında və həmçinin ikitərəfli əlaqələrin genişlənməsində mühüm rol oynayacaqdır. Ölkələrimiz arasında əlaqələr çox uğurla inkişaf edir. Bildirmək istəyirəm ki, mən artıq bu haqda Sizə öncədən məlumat verdim ki, məhz Sizin regionunuzda Xorvatiya birinci ölkədir ki, Azərbaycan öz səfirliyini açdı. Bu da onu göstərir ki, ölkələrimiz arasında münasibətlər yaxşı inkişaf edir. Şadam ki, münasibətlərimizin çox yaxşı dinamikası və potensialı mövcuddur. Siyasi münasibətlərimiz əladır. Biz beynəlxalq təsisatlar çərçivəsində əməkdaşlıq edirik", - Prezident İlham Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan NATO ilə həyata keçirilən proqramlarda fəal iştirak edir, Avropa İttifaqı ilə əməkdaşlıq edir.

"Mən Sizi Avropa İttifaqına üzvlük məsələniz münasibətilə təbrik etmək istərdim. Hesab edirəm ki, hətta Avropa İttifaqının üzvü olan Xorvatiya yenə də Azərbaycana, Azərbaycanın Avropa təsisatlarına inteqrasiyasında dəstəyini davam etdirəcəkdir.

Bu gün biz ikitərəfli münasibətlərimizə, siyasi və iqtisadi əlaqələrimizə aid olan məsələləri müzakirə etdik. İnanıram ki, bizim nümayəndə heyətləri bundan sonra da müzakirələri davam etdirəcəklər. Aramızda çox güclü münasibətlər mövcuddur. Qeyd edək ki, bu günə qədər iqtisadi əməkdaşlığımız kifayət dərəcədə olmamışdır. Həmçinin, bizim ticari dövriyyəmizin balansına gəldikdə də məhz bunu demək olar. Hesab edirəm ki, məhz enerji sektoru bizim qarşılıqlı ticari dövriyyəmizin də artmasına zəmin yaradır. Əminəm ki, biznes dairələri arasında bu məqsədlərə nail olmaqda bizə yardımçı olacaqdır. Biz, həmçinin bu baxımdan Azərbaycan şirkətlərini Xorvatiyada sərmayələr yatırmağa həvəsləndiririk. Hesab edirəm ki, nümayəndə heyətinin digər üzvləri ilə də bu məqsədlə məsləhətləşmələr aparılacaqdır. Bizim çox geniş iqtisadi və siyasi əməkdaşlığımız mövcud olacaqdır. Bu, əsasən planlarımızın həyata keçirilməsindən sonra baş verə bilər. Bəzi ənənəvi fəaliyyət sahələrinə gəldikdə, biz müzakirə apardıq, Azərbaycanın Xəzər Dəniz Gəmiçilik Şirkəti Xorvatiyadan gəmilər almaq fikrindədir. Əslində öncədən bilirik ki, sizin belə imkanlarınız vardır. Bu da münasibətlərimizin yeni bir ölçüsüdür. Həmçinin, hesab edirəm, biz bundan sonra da düşünməliyik ki, səylərimizi hansı digər sahələrdə göstərə bilərik", - İlham Əliyev deyib.

Prezident bildirib ki, Azərbaycan yeni sərmayə bazarlarını - istər dövlət sərmayəsi, istər özəl sərmayə bazarlarını axtarır.

"Biz, həmçinin Xorvatiya şirkətlərinin Azərbaycanda investorlar və podratçılar, bizim tərəfdaşlar qismində işləməsini alqışlayardıq. Bu gün keçiriləcək tədbirdə Azərbaycanın biznes imkanları da təqdim olunacaqdır. Burada məhz dövlət investisiya proqramının həyata keçirilməsinə dair məlumat veriləcəkdir. Bir sözlə, bütün bu komponentlər bizim ümumi ideyalarımıza və ölkələrimiz arasındakı tərəfdaşlığa dəstək verəcəkdir. Bu tərəfdaşlıq, əslində nəinki ölkələrimiz, həmçinin yerləşdiyimiz regionlar üçün vacibdir", - dövlət başçısı əlavə edib.

İlham Əliyev vurğulayıb ki, Qafqaz və Xəzər regionu, Balkanlar regionu sıx iqtisadi-siyasi əməkdaşlıq və inteqrasiya üçün yaxşı imkanlara malikdir. Bu baxımdan Azərbaycan çox mühüm rol oynaya bilər.

"Bu gün biz, həmçinin regional təhlükəsizlik məsələlərini müzakirə etdik. Mən cənab Prezidentə məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar haqqında məlumat verdim. Artıq 20 ildir ki, Azərbaycan torpaqları işğal altındadır. Baxmayaraq ki, BMT-nin Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycan torpaqlarından dərhal çıxmasını tələb edən 4 qətnaməni qəbul etmişdir. Ermənistan tərəfindən azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Biz, həmçinin ATƏT-in Minsk qrupunda həmsədrlik edən ölkələrə bildirdik ki, bu status-kvo qəbul edilməzdir. Biz ümidvarıq ki, torpaqlarımızın işğalına son qoyulacaq və təcavüzkar məcbur ediləcək ki, bu işğala son qoysun.

Biz enerji əməkdaşlığımızı da müzakirə etdik. Əslində bu, bizim ticari dövriyyəmizə böyük töhfə verir. Biz, həmçinin qaz sektorunda da gələcək əməkdaşlığımızı müzakirə etdik. Əminəm ki, nümayəndə heyətinin üzvləri bu müzakirələri davam etdirəcəklər. Çünki Azərbaycan özünün təbii qazını daşıma marşrutlarını şaxələndirir və bu baxımdan Avropa bazarları bizim üçün çox cəlbedicidir. Bir daha, cənab Prezident, Sizə və nümayəndə heyətinizə minnətdaram. Sizi salamlayıram və çox sağ olun ki, Azərbaycana səfərə dəvətimizi qəbul etdiniz. Əminəm ki, Sizin səfəriniz maraqlı və məhsuldar olacaqdır", - Prezident İlham Əliyev bildirib.

Sonra dövlət başçıları jurnalistlərin suallarını cavablandırdılar.

- Şaiq Məmmədov (Azərbaycan televiziyası): Mənim sualım hər iki prezidentədir. Azərbaycan Xorvatiyada məhz hansı konkret sahələrdə sərmayələr qoya bilər?

- Prezident İlham Əliyev: Biz bu məsələni cənab Prezident ilə müzakirə etdik. Hesab edirəm ki, nümayəndə heyətimizin üzvləri bunu geniş şəkildə müzakirə edəcəklər. Mən cənab Prezidentə məlumat verdim ki, hazırda Azərbaycan öz maliyyə imkanlarını şaxələndirir. Biz artıq planlaşdırırıq və demək olar ki, ölkəmizin hüdudlarından kənarda sərmayələri qoymağa başlamışıq. Bizim ölkələrimizin və müəssisələrin yaxşı reputasiyası vardır. Mən cənab Prezidentə bildirdim ki, biz hər zaman öz sərmayə planlarımızı məhz bu sərmayələr üçün planlaşdırdığımız ölkələrin hökumətləri ilə əlaqələndiririk. Mən, həmçinin cənab Prezidentə məlumat verdim ki, bizim sərmayələr adətən, mühüm sosial layihələrlə də bağlı olur. Çünki yaxşı biznes imkanlarına malik olmaq üçün bizim potensial investorlar - şirkətlərimiz ictimai rəy tərəfindən də dəstəklənməlidir. Bu, məhz o səbəbdən irəli gəlir ki, Azərbaycan şirkətləri yaxşı nüfuza malikdirlər. Çünki onlar, həmçinin icmaların, əhalinin sosial tələbatlarını da nəzərə almalıdırlar. O yerlərdə ki, biz sərmayələrimizi qoyacağıq, təbii ki, planlarımızı də əlaqələndirəcəyik, eyni zamanda, sərmayə sektorları ilə bağlı məsləhətləşmələr aparacağıq.
Hesab edirik ki, enerji sektoru maraqlı ola bilər. Bu sahədə bizim təcrübəmiz vardır. Digər ölkələrin də enerji sektoruna qoyduğumuz sərmayələr onu göstərir ki, biz çox məsuliyyətli investorlarıq və sərmayələrimiz nəinki şirkətlərimizə öz sərmayələrini şaxələndirməyə kömək edir, o cümlədən ölkələrimizə də xidmət edir.

Digər bir mühüm sahə kənd təsərrüfatı ilə bağlıdır. Birmənalı olaraq burada turizm sahəsi də vardır. Biz bunu müzakirə etdik və qarşımızda həyata keçirilmə prosesində olan planlarımız vardır. Balkanlar regionuna gəldikdə, qeyd etdim ki, Xorvatiya bu regionda ilk ölkədir ki, səfirliyimizi açmışıq. Biz məhz bu sahəyə də öz sərmayələrimizi yönəltmək istəyirik. Əlbəttə ki, mən məhz ilk növbədə, həyata keçirilməli prioritetləri açıqladım. Lakin hesab edirəm ki, biznes forum çərçivəsində bu məsələlər müzakirə olunacaqdır. Bu tədbir bizə digər sahələr haqqında da - hansı sərmayə imkanlarının, hansı qanunvericilik imkanlarının mövcudluğu barədə məlumat əldə etməyə imkan verəcəkdir. Əminəm ki, bu biznes forum bir çox məsələlərə aydınlıq gətirəcək və bizim qarşılıqlı maraqlara əsaslanacaqdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az



Постоянная ссылка:
http://arxiv.az/az/az.trend.az/1979165/Prezident+Ilham+Eliyev:+Azerbaycan+ve+Xorvatiya+arasinda+cox+genish+iqtisadi+ve+siyasi+emekdashliq+movcud+olacaq+(FOTO)

На других источниках

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 16 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.494 san. generasiya edilib.