DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ, QURBAN BAYRAMI VƏ YENİ İL MÜNASİBƏTİLƏ AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVİN TƏBRİKİ

- Rəsmi xronika - azertag.az ~ 10 год назад. Просмотрено 81 раз.
- Hörmətli xanımlar və cənablar!
Əziz həmvətənlər!
Mən sizi Yeni il münasibətilə ürəkdən təbrik edirəm. 2006-cı il arxada qalır. 2006-cı il bütövlükdə, Azərbaycan üçün çox uğurlu keçdi. Ölkəmiz möhkəmləndi, dünyadakı mövqelərini daha da gücləndirdi. Ölkədə çox gözəl ictimai-siyasi ab-hava vardır.
İqtisadi baxımdan 2006-cı ildə Azərbaycan çox uğurlu inkişaf sürətini saxlaya bilmişdir. İkinci ildir ki, ölkəmiz iqtisadi inkişaf sürətinə görə birinci dövlətdir. Dünyada hər hansı bir sahədə birinciliyi əldə etmək, xüsusilə iqtisadiyyatın ən önəmli göstəricisi olan ümumi daxili məhsulun artımına görə birinci olmaq, əlbəttə ki, böyük nailiyyətdir. İqtisadiyyatımız 2005-ci ildə 26 faiz, 2006-cı ildə isə 35 faiz artmışdır. Əlbəttə ki, Azərbaycanın hərtərəfli inkişafı üçün bu göstərici əsas rol oynamışdır.
Son üç il ərzində ölkəmizdə işsizlik probleminin aradan qaldırılması üçün çox böyük işlər görülür. 500 min yeni iş yeri açılmışdır. Prezident vəzifəsinə seçiləndə bəyan etmişdim ki, 5 il ərzində Azərbaycanda 600 min yeni iş yeri açılacaqdır. Artıq onlardan 500 mini açılıbdır. Azərbaycanda yoxsulluğun səviyyəsi kəskin şəkildə aşağı düşür. Regionların sosial-iqtisadi inkişafı çox sürətlə davam edir və bölgələr müasirləşir, yeniləşir, yeni infrastruktur layihələri həyata keçirilir.
Bununla bərabər, sosial siyasət Azərbaycanda çox güclüdür və sosial məsələlərə diqqət daim olmalıdır. Mənim siyasətimin, demək olar ki, əsas istiqamətlərindən biri də bundan ibarətdir. Hər il pensiyalar artırılır, əmək haqları artırılır. 2007-ci il yanvarın 1-dən minimum əmək haqqı və minimum pensiya yenə də artırılacaqdır. Əlbəttə ki, əmək haqları və pensiyaların məbləği bizi tam şəkildə qane edə bilməz, ancaq artım dinamikası çox güclüdür. Yaxın müddət ərzində Azərbaycanda yoxsulluğun aşağı salınması, işsizliyin aradan qaldırılması nəticəsində insanların həyat səviyyəsi daha da yaxşı olacaqdır. Bu, bizim əsas məqsədimizdir. Hər şey insanlar üçün, hər şey Azərbaycan xalqı üçün! Azərbaycan xalqı yaxşı yaşamalıdır və bunu etmək üçün mütləq və mütləq həm iqtisadi islahatlar, həm də siyasi islahatlar davam etdirilməlidir. Güclü sosial siyasət aparılmalıdır ki, ölkəmiz hərtərəfli inkişaf etsin.
Bu il çox böyük quruculuq, abadlıq işləri aparılmışdır. Yüzlərlə yeni məktəb tikilmişdir. Ən müasir dünya standartlarına cavab verən xəstəxanalar tikilib istifadəyə verilmişdir. Yeni yollar – magistral yollar, kənd yolları salınır, Bakı şəhərinin nəqliyyat probleminin həlli üçün böyük quruculuq-abadlıq işləri aparılır. Yəni biz bunu ona görə edirik ki, insanlar daha da rahat yaşasınlar. Ölkənin infrastrukturu möhkəmlənsin və bütövlükdə, inkişafa daha da böyük təkan verilsin.
2006-cı il bizim üçün həm də ona görə tarixi əhəmiyyət kəsb edir ki, 2006-cı ildə Azərbaycanda iki tarixi hadisə baş vermişdir. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara verilmişdir və “Şahdəniz” yatağından ilk qazın hasil edilməsinə nail ola bilmişik. Bu iki tarixi hadisə Azərbaycanın uzunmüddətli inkişaf strategiyasını müəyyən edəcək, Azərbaycanı iqtisadi cəhətdən möhkəmləndirəcək və əlbəttə ki, dünyadakı mövqelərini möhkəmləndirəcəkdir.
Bakı-Tbilisi-Ceyhan Azərbaycan üçün tarixi nailiyyətdir. Bu, sadəcə, bir neft kəməri deyil, sadəcə, Azərbaycan neftini dünya bazarlarına daşıyan bir infrastruktur layihəsi deyildir. Bunun çox böyük geosiyasi əhəmiyyəti vardır. Azərbaycan bu kəmərin istismara verilməsi ilə artıq bunun çox gözəl nəticələrini görməkdədir. Azərbaycan Dövlət Neft Fondunda milyardlarla dollar vəsait yığılıbdır. Bizim valyuta ehtiyatlarımız 4 milyard dolları keçibdir. Son üç il ərzində büdcə gəlirləri 4 dəfə artıbdır. Əgər 2003-cü ildə Azərbaycanın büdcəsi təxminən 1 milyard 500 milyon dollar səviyyəsində idisə, 2007-ci ildə artıq bu, 6 milyard 500 milyon dollar səviyyəsindədir. Bütün bunların əsas səbəbi məhz 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən, onun təşəbbüsü ilə imzalanmış “Əsrin müqaviləsi”nin icrasıdır. Biz bunun bəhrəsini görürük və görəcəyik.
Azərbaycanın iqtisadi potensialı artır. Azərbaycanın siyasi çəkisi artır. Bizim beynəlxalq mövqelərimiz möhkəmlənir və şübhəsiz, Azərbaycan dünyada çox önəmli ölkəyə çevrilir. Xüsusilə indiki zəmanədə ki, dünyanı və Avropanı ən çox düşündürən enerji təhlükəsizliyi məsələləridir, Azərbaycanın neft, qaz yataqlarının işlənilməsi, neft və qazın dünya bazarlarına çatdırılması xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan “Şahdəniz” yatağından çıxarılan və Cənubi Qafqaz qaz boru xətti ilə daşınacaq qaz, əlbəttə ki, Azərbaycanın siyasi mövqelərini də möhkəmləndirməkdədir. Bu, məni çox sevindirir, mən çox şadam, çox böyük qürur hissi keçirirəm ki, Azərbaycan bu böyük transmilli və çox çətin layihələri uğurla icra etdi. Çox ağır, çətin şəraitdə öz yolundan dönmədi, iradə göstərdi. Xalqın iradəsi, iqtidarın iradəsi, Azərbaycanın müstəqil siyasətinin aparılması nəticəsində biz bu tarixi nailiyyətlərə nail ola bilmişik. Bundan sonra Azərbaycanın qarşısında heç bir iqtisadi problem qalmayacaqdır. Bizim düşünülmüş konsepsiyamız var. İqtisadi və siyasi islahatların davam etdirilməsi üçün iradə var, bunu edirik və edəcəyik. Ona görə bu iki hadisənin Azərbaycan tarixindəki rolu çox böyükdür. Deyə bilərəm ki, müasir Azərbaycan tarixində buna bərabər hadisələr olmamışdır.
Şübhəsiz ki, biz beynəlxalq məsələlərin həllinə də böyük diqqət göstəririk. Azərbaycanın həm daxili, həm iqtisadi, həm də xarici siyasəti çox uğurlu olmuşdur. Məhz bu siyasətlərin sintezi nəticəsində biz qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirə bilmişik.
2006-cı ildə Azərbaycanın beynəlxalq mövqeləri möhkəmlənmiş, güclənmişdir. Biz bütün qonşularla səmərəli, işgüzar şəraitdə əməkdaşlıq edirik və öz siyasətimizi çox açıq şəkildə aparırıq. Azərbaycanın müstəqil siyasət aparmaq imkanları da məhz bizim iradəmizdən qaynaqlanır, iqtisadi gücümüzdən qaynaqlanır və əlbəttə ki, Azərbaycanın gələcəyi müstəqil siyasətimizdən asılı olacaqdır. Ona görə regional çərçivədə apardığımız işlər Azərbaycanın mövqelərini möhkəmləndirmişdir.
Bununla bərabər, beynəlxalq təşkilatlarda da əməkdaşlığımız çox uğurludur. 2006-cı ildə çox önəmli beynəlxalq təşkilatlarla bizim əməkdaşlığımız yeni mərhələyə qədəm qoymuşdur. Xüsusilə Avropa İttifaqı ilə imzalanmış qonşuluq proqramı Azərbaycanda növbəti beş il ərzində həm iqtisadi, həm də siyasi islahatların davam etdirilməsi üçün gözəl şərait yaratdı. Bununla bərabər, Avropa İttifaqı ilə enerji sahəsində strateji əməkdaşlıq haqqında imzalanmış memorandum Azərbaycanı Avropa istehlakçıları üçün qaz nəql edən və qazla təmin edən ölkəyə çevirir. Əlbəttə ki, bunun həm iqtisadi, həm də siyasi əhəmiyyəti göz qabağındadır.
Beynəlxalq siyasətdə bizim apardığımız işlər, əlbəttə ki, təqdirəlayiqdir. Azərbaycanın beynəlxalq təşkilatlarda və xarici siyasət çərçivəsində bütün səyləri məhz bir məsələnin - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəldilmişdir. Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti deyildir və Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqil olmasına razılıq verməyəcəkdir. Biz öz siyasətimizi beynəlxalq hüquq normaları və prinsipləri əsasında qururuq. Dağlıq Qarabağa Azərbaycan daxilində, ərazi bütövlüyü qorunmaq şərti ilə yüksək özünüidarə imkanları verilə bilər. Bu, bizim konstruktiv mövqeyimizdir. Bundan kənarda heç vaxt heç bir danışıqlar aparılmayıb və aparılmayacaqdır. Çox sevindirici hal ondan ibarətdir ki, bu məsələ ilə bilavasitə məşğul olan Minsk qrupunun həmsədrləri, Minsk qrupu, beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyirlər. Ərazi bütövlüyü artıq heç vaxt müzakirə obyektinə çevrilməyəcəkdir.
Bu yaxınlarda Dağlıq Qarabağda keçirilmiş qondarma referendum bir daha bizim mövqelərimizin nə qədər güclü və ədalətli olduğunu təsdiqlədi. Bütün dünya, bütün beynəlxalq təşkilatlar qanunsuz rejim, kriminal rejim tərəfindən keçirilmiş qanunsuz referendumu pislədilər və öz münasibətini bildirdilər.
Danışıqlar davam edir. Ümid edirəm ki, qarşı tərəf konstruktivlik nümayiş etdirəcək və beləliklə, Azərbaycan torpaqları işğalçılardan azad olunacaqdır.
Bununla bərabər, ordu quruculuğu prosesinə də böyük diqqət göstərilir. Hələ iki il bundan əvvəl mən bəyan etmişdim və söz vermişdim ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütün büdcəsinə bərabər olmalıdır və 2007-ci ilin büdcəsində biz bu məqsədə nail ola bilmişik. Azərbaycanın hərbi xərcləri Ermənistanın bütün xərclərinə bərabər olub və növbəti illərdə daha da artıq olacaqdır.
Bir tərəfdən, bu onu göstərir ki, bütün verilmiş vədlər, sözlər həyatda öz əksini tapır. Digər tərəfdən, biz ordumuzu gücləndirməliyik. Biz danışıqlar aparırıq, ancaq düşmən bilməlidir ki, Azərbaycan istənilən vaxtda, istənilən yolla öz doğma torpaqlarını azad edə bilər və azad edəcəkdir. Bundan sonra da orduya diqqət artırılacaqdır. Bizim siyasətimiz bundan ibarətdir. Görəndə ki, bu siyasət xalq tərəfindən dəstəklənir, çox sevinirəm və bu dəstək mənim üçün çox önəmlidir.
Bütövlükdə, Azərbaycanda gedən işlər müsbət istiqamətdə inkişaf edir. Mən çalışıram və çalışacağam ki, xalqın inamını bundan sonra da doğruldum. Mənə həvalə edilən bütün vəzifələri ləyaqətlə yerinə yetirməyə çalışıram. Mənim bir məqsədim var - Azərbaycan xalqına xidmət etmək, Azərbaycanı möhkəmləndirmək, ölkəmizin dünyadakı mövqelərini gücləndirmək, Azərbaycan xalqının rifah halının yaxşılaşması üçün iş görmək, əməli-praktik işlərlə, müxtəlif proqramların həyata keçirilməsi ilə ölkəmizi möhkəmləndirmək və Azərbaycanı müasir güclü ölkəyə çevirmək.
Sizə deyə bilərəm ki, son üç il ərzində elə məsələ olmayıb ki, biz onu qarşımıza qoyaq və həll edə bilməyək. Bütün məsələlər öz həllini tapıb, Azərbaycan çox dinamik şəkildə inkişaf edir, bizim siyasətimiz çox çevikdir, çox məqsədyönlüdür, düşünülmüş proqram çərçivəsində aparılır. Əminəm ki, bu siyasət bundan sonra da Azərbaycana uğurlar gətirəcəkdir.
Əziz həmvətənlər!
Bu gün, eyni zamanda, hər bir azərbaycanlı üçün əziz olan Qurban bayramıdır. Bu gözəl bayram münasibətilə mən sizi ürəkdən təbrik edirəm. Biz öz milli ənənələrimizə sadiqik və bu sədaqət uzun illər ərzində, Azərbaycan müstəqil olmayan dövrdə də Azərbaycan xalqını, Azərbaycan millətini birləşdirmişdir. Əlbəttə ki, milli-mənəvi dəyərlərə sadiqlik, onlara olan hörmət mütləq davam etməlidir. Biz bu gözəl bayramı birlikdə keçiririk və bundan sonra da keçirəcəyik.
Eyni zamanda, mən sizi Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə ürəkdən təbrik etmək istəyirəm. Dünya azərbaycanlılarının həmrəyliyi hər birimiz üçün çox önəmlidir, çox vacibdir. 2006-cı ildə çox yüksək səviyyədə, çox böyük ruh yüksəkliyi ilə Dünya azərbaycanlılarının II qurultayı keçirilmişdir. Demək olar ki, Dünya azərbaycanlılarının II qurultayı azərbaycançılıq ideologiyasının təntənəsi olmuşdur. Bütün dünyada yaşayan azərbaycanlılara sülh, əmin-amanlıq arzu edirəm və onlar da bilməlidirlər ki, onların bir Vətəni var, o da Azərbaycandır.
Əziz bacılar və qardaşlar!
Hörmətli xanımlar və cənablar!
Bir daha sizi Yeni il münasibətilə ürəkdən təbrik edirəm. Sizə xoşbəxtlik, ailə səadəti, cansağlığı arzulayıram. Sağ olun.
© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır


Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/2763906/DUNYA+AZERBAYCANLILARININ+HEMREYLIYI+GUNU+QURBAN+BAYRAMI+VE+YENI+IL+MUNASIBETILE+AZERBAYCAN+RESPUBLIKASININ+PREZIDENTI+ILHAM+ELIYEVIN+TEBRIKI

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 20 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.258 san. generasiya edilib.