AZƏRBAYCAN İNCƏSƏNƏTİNİN “QIZIL ƏSRİ”NDƏNOLAN RƏQQASƏNİN “OXUYAN ƏLLƏRİ” ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEV ONU “İSTİQLAL”ORDENİ İLƏ TƏLTİF ETMİŞDİR

- Mədəniyyət - azertag.az ~ 10 год назад. Просмотрено 122 раз.
Azərbaycan Dövlət Opera və Balet Teatrında təntənəli yubiley mərasimi keçirilirdi. Prezidentin İcra Aparatının şöbə müdiri Fatma xanım Abdullazadə xalq artisti Əminə Dilbazinin müstəqil Vətənimizin ən yüksək ordeni ilə təltif edilməsi haqqında Fərmanı oxuyanda mədəniyyətimizin canlı əfsanəsi sayılan səbəbkarın yaşadığı uzun, müxtəlif hadisələrlə zəngin həyatı gözləri qarşısından kinolent kimi keçdi...
...Rəqqasə olmaq təklifini inadla rədd edən arıq, 16 yaşlı gimnast qızı xatırladı. O vaxt qürurla “Mən idmançıyam və mənə heç bir rəqs ansamblı lazım deyil” demişdi. Lakin taleyin hökmündən qaçmaq olmaz.
Yeni kollektiv ilk vaxtlar müxtəlif klubların nəzdində, məsələn, Əli Bayramov adına klubda işləyirdi. Sonra onları Filarmoniyaya köçürdülər, burada Üzeyir Hacıbəyovun xoru, daha sonra Səid Rüstəmovun xalq çalğı alətləri ansamblı ilə çıxışlar başlandı. Bu, əlbəttə, daha yüksək səviyyə idi.
Olduqca çalışqan və yaradıcı insan olan gənc rəqqasə artistlik karyerasının elə ilk günlərindəncə təkcə rəqs etməklə kifayətlənmir, həm də rəqslərə quruluş verməyə can atırdı. Yadına belə bir hadisə düşdü: Üzeyir bəy tanınmış pambıqçıya həsr etdiyi “Kolxoz tarlasında” mahnısını yazmışdı. Bu mahnı çox populyar idi, onu hamı hər yerdə oxuyurdu. Əminə həmin mahnının musiqisinə rəqs hazırlamaq qərarına gəldi və bu qərarını həyata keçirdi: rəqsin süjetini, formasını fikirləşdi və böyük ilhamla özü ifa etdi. Bəstəkar rəqsə baxıb soruşdu: “Bəs baletmeyster kimdir, o buradadır?” Əminə qorxa-qorxa titrək səslə “üzr istəyirəm, mən sizin icazəniz olmadan...” deyə mızıldadı. Üzeyir bəy gülümsəyərək, onu sakitləşdirdi: “Nə olsun ki, balaca qız, sən bunun öhdəsindən əla gəlmisən”. Üzeyir bər sonralar Əminəni həmişə belə çağırırdı. Həmin rəqs hökumət konsertinin proqramına salındı.
Sonra başqa quruluşlar yarandı: Qılman Salahovun musiqisinə, Mirvarid Dilbazinin sözlərinə “Ay gözəl”, Niyazinin musiqisinə “Dağlar gözəli” və başqaları. Onun rəqs quruluşçusu kimi fəaliyyəti, bax, beləcə başlandı. Bu rəqslərdə elə özü solo oynayırdı.
Azərbaycan Mahnı və Rəqs Ansamblının solisti olan rəqqasənin, necə deyərlər, şah nömrələri də vardı. Zərif əllərində cingildəyən stəkanlarla ifa etdiyi “Vağzalı-Mirzeyi”, “Uzundərə” Qarabağ toy rəqsi, “Turacı” süjetli rəqsi. Sonuncuda ovçudan qaçan quşu təsvir edirdi: quşu haqlayan ovçu atəş açır və onu qanadından yaralayır. Yadındadır, dizi üstə yıxılanda ayağını bərk yaralamışdı. Demək olar, “can verən qu quşutək”.
...Əminə xanım indi də həmin anı xatırlayanda sanki ayağında kəskin ağrı hiss edir. Onda isə ağrını, elə bil, hiss etmirdi. Başqa cür ola da bilməzdi. “Turacı” rəqsinin uğurunu eşidən maestro Niyazi şəxsən özü ifaya baxaraq bəyənmişdi. “Əhsən, Əminə” deyə rəqqasəni tərifləyən maestro melodiyanı orkestr üçün uyğunlaşdırmaq qərarına gəlir və Əminə xanım onun dirijorluğu ilə bu rəqsi hökumət konsertində ifa edir.
Xatirələr bir-birini əvəz edir...
Ötən əsrin 40-cı illəri. Müharibə. Cənub sərhədinə səfər, sərhədçilər üçün konsert. Elə konsertin aparıcısı da Əminə idi. Ona görə zarafatla təkilf etmişdilər ki, “bəlkə, bizim siyasi rəhbərimiz olasınız, baxın, sərhədçilər sizə necə diqqətlə qulaq asırlar”.
1950-ci illər. Moskva. Gənclərin beynəlxalq festivalı. Yadındadır, onun rəhbərlik etdiyi Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı qızıl medal qazandı. Həmin onilliyin sonlarında - 1959-cu ildə Əminə Dilbazi respublikanın xalq artisti adına layiq görüldü. Lakin Moskva bundan xeyli əvvəl Əminə xanımı İttifaqın ən yaxşı rəqqasəsi kimi tanımış və İqor Moiseyevin təklifi ilə ona ali ixtisas kateqoriyası vermişdi.
1960-cı illər Əminə xanımın yadında həm də filarmoniyanın bir qrup artistini xam torpaqlara aparmağı ilə qalmışdır. O, xam torpaqların fatehlərinə böyük sevinc bəxş etmiş ansambla başçılıq edirdi.
1970-ci illərdə Əminə Dilbazini Naxçıvana dəvət edərək, “Şərur” ansamblını yaratmağı, Fransada keçirilən Beynəlxalq folklor festivalında göstərmək üçün ansamblın ifasında Azərbaycanın qədim “Yallı” rəqsinə quruluş verməyi xahiş edirlər. Yeri gəlmişkən, ansambl Fransada Qran-pri mükafatına layiq görüldü.
Əminə xanım Naxçıvanda böyük solo konserti ilə çıxış edir. Yadındadır, əvvəlcə ona elə gəlmişdi ki, salon onun səhnəyə çıxmasına əvvəlcə reaksiya vermədi, lakin rəqs əsnasında üzü səhnəyə tərəf dönüb əllərini yuxarı qaldıranda gurultulu alqışlar səsləndi.
Uzun illər sonra bayram gecələrindən birində Heydər Əliyevlə görüşəndə bu hadisəni danışıb təəccübünü bildirmişdi. O isə Əminə xanıma belə cavab vermişdi: “Əminə, məgər, sən bilmirsən ki, misilsiz əllərin var? Mən çox məşhur rəqqasələr görmüşəm, lakin onların heç birinin sənintək əlləri yoxdur. Axı, onlar sanki oxuyurlar. Naxçıvan tamaşaçısı da səni “oxuyan əllərinlə” tanıyıb, alqışlarla qarşılamışdır”.
Əminə xanım Dövlət Mahnı və Rəqs Ansamblı, daha sonra Tibb İnstitutunda yaratdığı “Çinar” rəqs qrupu ilə o vaxtkı böyük ölkəmizə, o cümlədən respublikaya qastrol səfərlərinə çıxır, tez-tez xarici səfərlərə də gedirdi. Əminə xanımı və yetirmələri Roza Cəlilova, Tutu Həmidova, Aliyə Ramazanova, Afaq Məlikova və başqalarını Fransa, Türkiyə, Almaniya, Çin, Hindistan, İsrail, Malayziya, Pakistan və İsveçrədə alqışlamışlar. Onlar xalqımızın böyük mədəniyyətini uğurla təbliğ edirdilər. Onun misilsiz ustalığını Hindistanda da yüksək qiymətləndirmiş, rəqs edən Şiva ilahəsinin bürünc heykəlciyini bağışlamışdılar.
Azərbaycan rəqsinin ustadı o vaxtkı Çexoslovakiyaya səfərini daha yaxşı xatırlayır. Gurultulu alqışlar və tələbkar “bis” çağırışlarından salonun tavanı sanki çökəcək, qulaqlar tutulacaqdı. Bu hadisə, elə bil, dünən olmuşdu. Əminə xanım özünün əsas tərəf-müqabili saydığı, mərhum xalq artisti Əlibaba Abdullayevlə “Naz eləmə” rəqsini oynayırdılar. Bu, xüsusi ifadəlilik, plastika, dinamiklik, zəriflik tələb edən mürəkkəb rəqs idi. Yuri Qriqoroviç demişkən, Dilbazi rəqs sənətini də məhz bu səciyyələndirir. O, həm ansambldakı, həm də uzun illər milli rəqs dərsləri apardığı Xoreoqrafiya məktəbindəki yetirmələrinə də elə bunu öyrədirdi. Məhz buna görə Çexoslovakiyada tamaşa salonu, sözün əsl mənasında coşaraq, duetin təkrar çıxışlarını tələb edirdi. Səhər isə Çexiya Opera Teatrı binasının divarında Əminə Dilbazinin portreti olan nəhəng plakat asılmışdı...
Əminə xanım kinodakı fəaliyyətini də böyük məmnuniyyətlə xatırladı: “Georgi Saakadze”, “O olmasın, bu olsun”, “Arşın mal alan” filmlərində quruluş verdiyi milli rəqslərimizi özü böyük məharətlə ifa etmişdi. Onun özünə həsr olunmuş “Prima”, “Tənha bülbülün rəqsi” və başqa filmlər dünyanın bir çox ölkələrində uğurla nümayiş etdirilmişdir.
Bütün bunlar həmin təntənəli gündə yubilyarın xatirində kino lentitək canlandı...
Yubiley mərasimindən artıq 7 il keçir. Bu müddət ərzində həm fərəhli, həm də kədərli çox hadisə baş vermişdir. İncəsənəti və onun xadimlərini həmişə sevmiş, onlara yaxından qayğı göstərmiş ümummilli lider Heydər Əliyev dünyasını dəyişmişdir.
Əminə xanımın sadiq ömür-gün yoldaşı, böyük Azərbaycan bəstəkarı Cövdət Hacıyev də vəfat etmişdir.
Bu, çox xoşbəxt izdivac idi: sevimli qadınının işinə qarışmağa haqqı olmadığını, onun səhnə üçün yarandığını düşünən əsl ziyalı Cövdət bəy və görkəmli rəqqasə, həyat yoldaşının böyük istedadına hörmətlə yanaşan, onunla fəxr edən Əminə xanım. Onlar çox istedadlı dörd övlad böyütdülər. İkisi haqqında - atalarının yolunu davam etdirən, Azərbaycan musiqisini bütün qitələrdə səsləndirmək üçün var qüvvələrini əsirgəməyən İsmayıl və Mikayıl Hacıyevlər barədə dəfələrlə yazmışıq. Qızları Nərmin və Pərvin ailələrinə layiq insanlardır. Üçüncü nəslin nümayəndələri də bu ailənin şöhrətini artırırlar. Nərminin oğlu Cavad Məhərrəmzadə şahmat üzrə beynəlxalq usta dərəcəsi almış, yeniyetmələr arasında Azərbaycan çempionu, Olimpiya yığma komandasının üzvü olmuşdur. Floridada (ABŞ) yaşayan Pərvinin 13 yaşlı qızı İstər Muradova istedadlı skripkaçıdır, ABŞ-da bir çox beynəlxalq müsabiqələrin laureatıdır. Mstislav Rostropoviç onu şəxsən dinləmişdir. Əminə xanım öz uşaqları və nəvələri ilə fəxr edir, onlar haqqında böyük məmnuniyyətlə danışır.
Mən hamımızın sevimlisi olan rəqqasəyə dekabrın 26-da onun doğum günü ərəfəsində baş çəkdim. İsti, qonaqpərvər ev, xoş ab-hava... Evin xanımı ilə ünsiyyətdə olmaq, onun haqqında yeni nəsə öyrənmək, məsələn, bir neçə il əvvəl Amerika Bioqrafiya İnstitutunun ona ilin Qadını, əsrin Qadını adını verməsini eşitmək olduqca xoş idi.
Bizim üçünsə Əminə Dilbazi, ilk növbədə, çoşğunluğu ilə ürəkləri fəth edən, rəngarəng milli rəqs sənətimizi dünyada sevdirən, olduqca zərif rəqs kraliçasıdır. O, həm də Azərbaycan sənətinin “qızıl əsrinin” canlı nümayəndəsidir.
© İstifadə edilərkən AzərTAc-a istinad olunmalıdır


Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/2763943/AZERBAYCAN+INCESENETININ+QIZIL+ESRINDENOLAN+REQQASENIN+OXUYAN+ELLERI+UMUMMILLI+LIDERIMIZ+HEYDER+ELIYEV+ONU+ISTIQLALORDENI+ILE+TELTIF+ETMIShDIR

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 20 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.227 san. generasiya edilib.