Dövlət-xalq-ordu birliyi əsgər və zabitlərin döyüş ruhunu artırır

- Siyasət - azertag.az ~ 22 дней назад. Просмотрено 25 раз.
Dövlət-xalq-ordu birliyi əsgər və zabitlərin döyüş ruhunu artırır

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına bayram sovqatı aparılıb

Naxçıvan, 31 dekabr, AZƏRTAC

Ötən əsrin 90-cı illərində ümummilli liderimiz Heydər Əliyev tərəfindən Naxçıvanda əsası qoyulan müstəqil dövlətçilik və həmrəylik ideyası Azərbaycanda inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilib. Dahi şəxsiyyətin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün ölkəmizdə digər sahələrlə yanaşı, ordu quruculuğu istiqamətində də ardıcıl tədbirlər görülür, dövlət-xalq-ordu birliyi möhkəmlənir. Bu birlik və həmrəylik müstəqil Azərbaycan ordusunun qüdrətini və şəxsi heyətin döyüş ruhunu artırır. Bu gün Silahlı Qüvvələrimizin Naxçıvan Muxtar Respublikasında yerləşən ordu, birləşmə və hissələri güclü maddi-texniki bazaya və peşəkar şəxsi heyətə malikdir. Yaradılan şərait muxtar respublikada dövlət sərhədlərinin etibarlı müdafiəsinə təminat verir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, dekabrın 31-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına gəlib, əsgər və zabitlərlə görüşüb.

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-mayor Asəf Quliyev Ali Məclisin Sədrinə raport verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov əsgərləri salamlayıb, onları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edərək deyib: Bu gün ölkəmizdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı müxtəlif tədbirlərlə qeyd olunur. Bu tədbirlər sırasında xalq-ordu birliyinin ifadəsi olan əsgərlərlə görüşlərin keçirilməsi xüsusi yer tutur. Dövlət müəssisə və təşkilatların kollektivləri, vətəndaşlar hərbi hissələrdə olur, əsgər və zabitlərin bayramlarını təbrik edərək həmrəylik nümayiş etdirirlər.

Ali Məclisin Sədri bu tədbirlərdə iştirak edən hər bir kəsə təşəkkür edərək deyib: Bu gün ölkəmizdə xalq-ordu birliyi var. Hər bir hərbi qulluqçu bilməlidir ki, onun arxasında Azərbaycan xalqı dayanıb. Xalqımız isə əmindir ki, ordumuz sərhədlərimizi etibarlı qoruyur. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən ordu, birləşmə və hissələrinin şəxsi heyəti də xidməti vəzifələrini layiqincə yerinə yetirirlər.

Ali Məclisin Sədri muxtar respublikada xidmət edərək ölkəmizin sərhədlərini və ərazi bütövlüyünü qoruyan bütün hərbi qulluqçulara təşəkkür edib, onlara bayram təbriklərini çatdırıb.

Əsgər Ümid Rəhimov və zabit Sunay Əsədov şəxsi heyət adından minnətdarlıq ediblər. Qeyd olunub ki, muxtar respublikada həyata keçirilən geniş quruculuq işləri “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasını da əhatə edib. Əsgər və zabitlər üçün müasir xidmət şəraiti yaradılıb, yeni sərhəd zastavaları tikilərək istifadəyə verilib. Şəxsi heyətin peşəkarlıq səviyyəsi ilbəil yüksəldilir. Bu gün muxtar respublika sərhədlərində xidmət nümunəvi təşkil olunub. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş hərbi hissədə xidmət etmək hər bir sərhədçi üçün ikiqat qürurdur. Çıxış edənlər şəxsi heyət adından söz veriblər ki, bundan sonra da sərhədlərimizi etibarlı qoruyacaqlar.

Ali Məclisin Sədri şəxsi heyətə bayram hədiyyələri təqdim edib, onlara xidmətdə uğurlar arzulayıb.

Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının xəstəxanasında da olub, burada müalicə olunan əsgərlərlə görüşüb, onlara göstərilən tibbi xidmətlə maraqlanıb.

Məlumat verilib ki, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında vaxtlı-vaxtında profilaktik tədbirlər görülür, hərbi qulluqçular mütəmadi tibbi müayinədən keçirilir. Xəstəxananın lazımi dərman vasitələri və tibbi ləvazimatlarla təminatı müayinə və müalicənin düzgün təşkilinə imkan verir. Burada xəstələrin qidalanması xüsusi nəzarətə götürülür və gigiyenik qaydalara tam əməl olunur.

Ali Məclisin Sədri xəstəxanada müalicə olunan hərbi qulluqçuların bayramlarını təbrik edib.

Həmin gün “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının anbarına 5 tona yaxın ərzaq məhsulu - çörək, ət, şəkər tozu, qənd, yarma, qatılaşdırılmış süd, yumurta, o cümlədən yun corab, siqaret və şəxsi təmizlik vasitələri təqdim olunub, şəxsi heyətə 500-ə yaxın hədiyyə paketi verilib.

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının hərbi şəhərciyində

yeni uşaq bağçası istifadəyə verilib

Muxtar respublikada hərbi hissələrin döyüş qabiliyyətinin yaxşılaşdırılması ilə yanaşı, zabit-gizir ailələrinin sosial məişət şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzində saxlanılır. Hərbi şəhərciklərdə yeni yaşayış binaları, sosial obyektlər, xidmət sahələri, məktəb binaları və uşaq bağçaları tikilərək istifadəyə verilir.

Dekabrın 31-də “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının hərbi şəhərciyində yeni uşaq bağçası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, binada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan bağça 72 yerlikdir. Binada yataq və yemək otaqları, oyun və tədbir zalları, mətbəx, camaşırxana və anbar vardır. Uşaqların tərbiyəsinə, sağlamlığına və qidalanmasına ciddi diqqət yetirilir.

Valideyn Günay Nağıyeva zabit-gizir ailələri adından minnətdarlıq edərək deyib ki, yeni uşaq bağçasının istifadəyə verilməsi zabit-gizir ailələrinə göstərilən qayğının daha bir ifadəsidir. Yaradılan şərait uşaqların məktəbəqədər təlim-tərbiyəsinin yüksək səviyyədə təşkilinə və onların sağlamlığının qorunmasına imkan verəcəkdir.

Ali Məclisin Sədri məktəbəqədər tərbiyənin düzgün təşkili, uşaqların qidalanması və sağlamlığının qorunması barədə tapşırıqlar verib.

Tədbirlər zalında uşaqlar Azərbaycan Respublikasının Dövlət Himnini ifa edib, Vətənimizə, ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər söyləyib, mahnılar oxuyublar.

Ali Məclisin Sədri uşaqlara hədiyyələr təqdim edib, onlarla xatirə şəkli çəkdirib.



Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/77618264/Dovlet-xalq-ordu+birliyi+esger+ve+zabitlerin+doyush+ruhunu+artirir

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 22 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.137 san. generasiya edilib.