Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbinyeni binası istifadəyə verilib

- Siyasət - azertag.az ~ 17 дней назад. Просмотрено 20 раз.
Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbinyeni binası istifadəyə verilib

Naxçıvan, 5 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Biz iqtisadi sahədə əldə edilmiş nailiyyətləri insan kapitalına çeviririk”.

Ölkəmizdə insan kapitalının formalaşmasında təhsil sistemi mühüm yer tutur. Naxçıvan Muxtar Respublikasında da təhsil quruculuğu prioritet istiqamət kimi müəyyənləşdirilib. Həyata keçirilən kompleks quruculuq tədbirləri zamanı yeni məktəb binalarının inşasına xüsusi diqqət yetirilir, sağlam və intellektli gənc nəslin yetişdirilməsi qayğısına qalınır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanvarın 5-də Naxçıvan şəhərinin Tumbul kəndindəki 13 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Məktəbin direktoru Canpolad Rüstəmov çıxış edərək deyib ki, hər il muxtar respublikamızda müasir avadanlıqlar və informasiya texnologiyaları ilə təchiz olunmuş məktəblər istifadəyə verilir. Təhsilə göstərilən qayğı xoşbəxt gələcəyimizin möhkəm bünövrəsini yaradır. Naxçıvan şəhərinin Tumbul kəndindəki 13 nömrəli tam orta məktəbdə də tədrisin yüksək səviyyədə təşkili üçün lazımi şərait var. Canpolad Rüstəmov yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Hər bir ölkənin inkişafı təhsillə bağlıdır. O ölkələr inkişaf edir, o ölkələrdə gələcəyin təminatçıları olan vətənpərvər gənclər yetişdirilir ki, orada təhsilə yüksək diqqət və qayğı göstərilir. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Məktəblərdə yaradılan müasir tədris şəraiti gənclərin hərtərəfli hazırlanmasına təminat verir”. Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbində də kompüter və elektron lövhəli siniflərin, laboratoriyaların, kitabxananın, hərbi kabinənin, şahmat otağının, idman zalının və digər tədris avadanlıqlarının istifadəyə verilməsi şagirdlərin hərtərəfli hazırlanmasına imkan verir. Müəllimlər yaradılan şəraitdən səmərəli istifadə etməli, məktəbdə tədris müasir tələblər səviyyəsində qurulmalıdır.

Ali Məclisin Sədri deyib: Bu gün Ümummilli Liderimizin yolunu uğurla davam etdirən ölkə Prezidenti təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərir, bu sahədə lazımi normativ hüquqi aktlar qəbul olunur. Hazırda ölkəmizdə təhsilin bütün pillələri təmin edilmiş, gənc nəsil üçün müasir tədris şəraiti yaradılmışdır. Bununla yanaşı gənclərin xarici ölkələrdə ali təhsil alması üçün də dövlətimiz tərəfindən lazımi köməklik göstərilir. Bir sözlə, Azərbaycan dövləti öz gələcəyini təmin etmək üçün gənclərin hərtərəfli təhsil alması qayğısına qalır. Yaradılan şəraitin nəticəsi olaraq isə vətənpərvər, təhsilli və peşə sahibi olan gənclər yetişdirilir. Bu da həm cəmiyyət, həm də dövlət üçün vacib məsələdir.

Ali Məclisin Sədri deyib: Məktəbin nailiyyətləri onu deməyə imkan verir ki, burada müəllim-şagird münasibətləri qarşılıqlı hörmət və tələbkarlıq əsasında qurulub. Yaradılan müasir tədris şəraiti gələcəkdə nailiyyətlərin daha da artmasına imkan verəcək, məktəbdə təhsilli və vətənpərvər gənclər yetişdiriləcəkdir.

Ali Məclisin Sədri bu yolda kollektivə uğurlar arzulayıb, məktəb binasında yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, 376 şagird yerlik məktəbdə 4-ü elektron lövhəli olmaqla 18 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 kompüter otağı, müəllimlər otağı, 2 şahmat otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları vardır. 2016-2017-ci tədris ilində 13 nömrəli tam orta məktəbin birinci sinfinə 25 şagird qəbul olunub. Məktəbin kitabxanasında 3476 dərslik və 3340 bədii ədəbiyyat olmaqla, 6816 kitab vardır.

Məktəbdə tədris müasir texnologiyalar əsasında qurulub, 42 kompüter quraşdırılaraq internetə qoşulub, ayrı-ayrı fənlərə aid elektron resurslardan istifadə və elmi-texniki yeniliklər barədə məlumat əldə etmək imkanı yaradılıb.

Məktəb muzey şəbəkəsinə qoşulub. Ali Məclisin Sədri elektron lövhəli sinifdə Bəhruz Kəngərli Muzeyi ilə muxtar respublikanın 204 məktəbi arasında keçirilən distant dərsi izləyib, şagirdlərin iştirakı ilə muzeylərdə açıq dərslərin keçirilməsini tapşırıb.

Şahmat sinfində şahmat masaları və lövhələr qoyulub. Hərbi kabinə və idman zalı müasir tədrisin tələbləri səviyyəsində qurulub.

Ali Məclisin Sədri şahmat fənninə aid dərsliklərin hazırlanması, idman dərslərinə və gənclərdə hərb sənətinə marağın artırılmasının əhəmiyyətini vurğulayıb.

Müəllimlər otağında məktəbin pedaqoji kollektivi ilə görüş olub.

Ali Məclisin Sədri deyib: 13 nömrəli tam orta məktəbin kollektivi yeni ili yeni əhval-ruhiyyə ilə qarşılayır. Müasir tədrisin tələblərinə cavab verən məktəbdə gələcəkdə daha uğurlu nəticələr qazanılacaqdır. Hər bir gəncin gələcəyinin uğurlu olması həm ailəsi və cəmiyyət, həm də dövlət üçün vacib məsələdir. Ona görə də gənclər yaxşı təhsil almalı, peşə öyrənməli, dünyagörüşünü artırmalı, vətənpərvərliyini öz əməli işi ilə göstərməlidir. Naxçıvan Muxtar Respublikasında gənclərin maraqlarına uyğun peşə seçməsi üçün lazımi şərait vardır. Ali təhsil müəssisələri, peşə məktəbləri, Heydər Əliyev adına Hərbi Lisey, Şərur şəhərində Fizika-Riyaziyyat Təmayüllü Lisey fəaliyyət göstərir. Gənclərin maraqlarına uyğun peşə sahələrinə yönləndirilməsi, onların hərtərəfli hazırlanması isə müəllimlərin üzərinə düşən əsas vəzifələrdir.

Kollektiv adından minnətdarlıq edən müəllim Nuranə Abbasova gənclərin hərtərəfli hazırlanmasında səylərini əsirgəməyəcəklərini bildirib.

Məktəb binasının həyətində də abadlıq işləri aparılıb, mini futbol meydançası istifadəyə verilib.

Tumbul Kənd Mərkəzinin açılışı olub

Yanvarın 5-də Tumbulda yeni kənd mərkəzi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, binada rabitə evi, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, polis sahə məntəqəsi, baytarlıq məntəqəsi, statistika otağı, feldşer-mama məntəqəsi, fondunda 4900 ədəbiyyat olan kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı və 44 yerlik iclas zalı vardır. Kənddə müasir rabitə sistemi yaradılıb, fiber-optik xətt çəkilib, 512 yerlik ATS quraşdırılıb və poçt bölməsi fəaliyyətə başlayıb. Tumbulda 83 internet istifadəçisi vardır.

Tumbul kəndində 2003 nəfər əhali yaşayır. Onlardan 407-si dövlət büdcəsindən əməkhaqqı, pensiya və müavinət alır. Kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik və bələdiyyə üçün ayrılan müasir iş otaqlarında sakinlərə nümunəvi xidmət göstəriləcəkdir.

Feldşer mama-məntəqəsi üçün 4 otaq ayrılıb, ilkin tibbi xidmətin təşkili təmin edilib. Bildirilib ki, hazırda 36 hamilə qadın məntəqədə qeydiyyatdadır. Hamilə qadınlara vaxtlı-vaxtında patronaj xidməti göstərilir, yeni doğulmuş uşaqlara peyvənd vurulur.

Ali Məclisin Sədri kənd mərkəzindəki dövlət qurumlarının fəaliyyəti ilə maraqlanıb, müvafiq tapşırıq və tövsiyələrini verib.

Xidmət mərkəzində 9 kənd sakini

işlə təmin olunub

Yanvarın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Tumbul kəndində xidmət mərkəzinin də açılışını edib. 

Xidmət mərkəzində bərbərxana, dərzi, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları mağazaları fəaliyyət göstərir. Mərkəzdə xidmət sahələri üzrə 9 sakin işlə təmin olunub. İşlə təmin olunanlar muxtar respublikadakı peşə məktəblərində müvafiq sahələr üzrə təhsil alıblar.

Ali Məclisin Sədri yerli məhsulların satışına üstünlük verilməsi və əhaliyə nümunəvi xidmət göstərilməsinin vacibliyini bildirib.

Tumbul kəndində içməli su və kanalizasiya

şəbəkəsi istifadəyə verilib

Yaşayış məntəqələrində içməli su və kanalizasiya şəbəkələrinin istifadəyə verilməsi insanların rahatlığına xidmət edən mühüm sosial tədbirdir. Muxtar respublikada bu sahədə kompleks işlər həyata keçirilir, əhali ekoloji təmiz və dayanıqlı içməli su ilə təmin olunur. Şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərdə də yeni içməli su və kanalizasiya şəbəkələri qurulur. Bu sahədə görülən işlərin nəticəsidir ki, ötən il muxtar respublikanın 18 kəndində yeni içməli su sistemi istifadəyə verilib.

Yanvarın 5-də Naxçıvan şəhərinin Tumbul kəndində içməli su və kanalizasiya şəbəkəsinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Məlumat verilib ki, “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsi üzrə Tumbul kəndində 18 kilometrdən artıq içməli su və 15 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi çəkilib, mənzillərdə sayğaclar quraşdırılıb. Kənddə, ümumilikdə, 503 abonent içməli su və kanalizasiya şəbəkəsinə qoşulub. İçməli su şəbəkəsi üzərində 2 təzyiq qaldırıcı, 9 yanğın hidrantı, 4 suburaxıcı quraşdırılıb. Tullantı sularını toplayan boru xətti Naxçıvan şəhər kanalizasiya şəbəkəsinə birləşdirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Tumbul kənd içməli su şəbəkəsinin açılışını bildirən qurğunu işə salıb.

Sonra kənd sakinləri ilə görüşən Ali Məclisin Sədri deyib: Bu gün Tumbul kəndində görülən işlər dövlətimizin öz vətəndaşlarına göstərdiyi qayğının göstəricisidir. Tumbul kəndində içməli su və kanalizasiya sistemlərinin, məktəb binasının, kənd və xidmət mərkəzlərinin, yolun istifadəyə verilməsi, mənzillərin dayanıqlı təbii qaz və elektrik enerjisi ilə təmin olunması, müasir rabitə xidmətinin göstərilməsi kənddə əhalinin rahat yaşaması ilə yanaşı, həm də məskunlaşmanın artmasına səbəb olmuşdur. Bütün bunlar isə ölkə Prezidentinin imzaladığı Qanunla Tumbul kəndinin Naxçıvan şəhərinə birləşdirilməsindən sonra mümkün olmuşdur.

Ali Məclisin Sədri deyib: Vaxtilə Tumbul kəndində artezian qazılmış, kəhriz bərpa edilərək istifadəyə verilmişdi. Lakin bu əhalinin içməli su tələbatını tam ödəmirdi. Bu gün isə kənddə yeni içməli su sistemi ilə yanaşı, həm də kanalizasiya şəbəkəsi istifadəyə verilir. Görülən işlərdən sonra Tumbul kəndi tamamilə müasirləşmişdir. Yaradılan şəraitdən səmərəli istifadə olunmalı, tikilənlər, qurulanlar qorunub saxlanılmalı, təmizliyə əməl edilməlidir.

Sakin Abbasəli Hüseynov minnətdarlıq edərək deyib ki, inkişaf və müasirlik muxtar respublikanın hər bir kəndini əhatə edib. Tumbulda şagirdlər köhnə məktəb binasında təhsil alırdı. Dövlət qurumları üçün lazımi iş şəraiti yox idi. İçməli su təminatında çətinliklər vardı. Lakin bu gün sakinlərin bu qayğıları həll olunub. Kənddə müasir məktəb binası, kənd və xidmət mərkəzləri, yol istifadəyə verilib, hər bir mənzil dayanıqlı içməli su ilə təmin edilib. Su həyat deməkdir. Bu gün Tumbul kəndinin həyatında yeni bir dövr başlayır. Bütün bunlar ölkəmizdə insanlara göstərilən qayğının nəticəsində mümkün olub.

***

Tumbul kəndində 2 kilometrlik kənddaxili avtomobil yoluna asfalt örtük salınıb, beton kanal çəkilib və 5 su keçidi qoyulub. Kənddə rabitə xətləri də yenilənib, 2740 metrlik müxtəlif tutumlu kabel xətti, 800 metrlik elektrik xətti, 230 metr yeraltı elektrik xətti çəkilib, qaz xətlərində təmir işləri aparılıb.



Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/77691111/Naxcivan+sheher+13+nomreli+tam+orta+mektebinyeni+binasi+istifadeye+verilib

На других источниках

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 22 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.843 san. generasiya edilib.