Azərbaycanın pravoslav xristianları Milad bayramını qeyd edirlər

- CƏMİYYƏT - azertag.az ~ 15 дней назад. Просмотрено 12 раз.
Azərbaycanın pravoslav xristianları Milad bayramını qeyd edirlər

Bakı, 7 yanvar, AZƏRTAC

Pravoslav xristianlar yanvarın 7-də İsa Peyğəmbərin mübarək mövludunu - Milad bayramını qeyd edirlər.

Böyük bayram bir gün əvvəl - yanvarın 6-da qeyd olunan Müqəddəs gecədən başlayır. Həmin gün pravoslavlar üçün 40 günlük pəhrizin sonuncu günü və Milad bayramına hazırlıq dövrüdür. Günəş batandan sonra bütün ailə masa arxasında toplaşır. Süfrəyə İsa peyğəmbərin həvarilərinin sayına uyğun olaraq 12 pəhriz yeməyi qoyulur və bu yeməklərin hər birindən mütləq dadmaq lazımdır. Masada canlı alov - şam yanır. Müqəddəs gecənin ən başlıca yeməyi kutyadır. Adətən onu buğdadan hazırlayırlar. Amma üyüdülməmiş başqa yarmadan da istifadə etmək olar. Taxıl dənləri vahid bəşəriyyətin rəmzidir. Kutyada birləşdirici vasitə kimi bal və ya siropdan istifadə olunur. Bu şam yeməyi ilə Milad pəhrizi başa çatır. Yanvarın 7-də bütün yemək məhdudiyyətləri aradan qaldırılır və əsl bayram ziyafəti təşkil edilir.

Deyilənə görə, Milad bayramında evdən darçın və vanil ətri gəlməlidir. Yəni məxsusi bişinti olmadan bu bayramı təsəvvür etmək mümkün deyil. Qədim zamanlarda daha bir ənənə vardı: bayram günlərində yalnız təzə libaslar geyinirdilər.

Qədim adətə görə, Milad gecəsində ürəkdə ən ümdə arzunu tutmaq lazımdır, onda bu arzu mütləq həyata keçir. İnanclara görə, məhz bu gecədə su, təbiətin özü və hava sanki sehrlə dolaraq, bütün arzuların həyata keçməsinə kömək edir. Milad ənənələrinə görə, bayram günlərində insanlar vaxtlarını şən keçirməli, qəm-qüssədən uzaq olmalı, həyatdan zövq almalıdırlar.

Azərbaycanın pravoslav xristian icması da Milad bayramını təntənə ilə qeyd edir. Təsadüfi deyil ki, Qafqazda ilk xristian məbədləri məhz ölkəmizin ərazisində yaranıb. Müxtəlif dinlərin nümayəndələri əsrlər boyu torpağımızda dinc yanaşı yaşayır, öz adət-ənənələrini sərbəst şəkildə icra edirlər. Azərbaycanda heç vaxt milli və irqi zəmində ayrı-seçkilik, dini dözümsüzlük olmayıb. Digər konfessiyaların nümayəndələri kimi, xristianlar da cəmiyyətimizin tamhüquqlu üzvüdürlər. Ölkədə bir neçə pravoslav kilsəsi fəaliyyət göstərir.

Azərbaycan Prezidenti İlham Əliyev hər il olduğu kimi, bu il də pravoslav xristian icmasına Milad bayramı münasibətilə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Müstəqil Azərbaycan Respublikası bu gün də öz tolerantlıq və multikulturalizm ənənələrinə sadiqdir. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları beynəlxalq prinsiplərə əsaslanan hüquq və azadlıqlara, o cümlədən, vicdan və dini etiqad azadlığına malikdir. Ölkəmizdə yaşayan bütün etnik azlıqlara öz dini-mənəvi dəyərlərini, milli adət-ənənələrini qoruyub saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün bərabər demokratik şərait yaradılmışdır”.

Yenilənmə, əmin-amanlıq, şəfqət və mərhəmət rəmzi olan bu bayram ilə əlaqədar yanvarın 6-dan 7-nə keçən gecə Azərbaycanın bütün pravoslav kilsələrində təntənəli ibadət mərasimləri keçirilib.

Yanvarın 10-da Azərbaycan Dövlət Rus Dram Teatrında uşaqlar üçün xeyriyyə yolka şənliyi təşkil ediləcək. Elə həmin gün “Kapelhaus” Alman-Azərbaycan Mədəniyyəti Birliyində Milad bayramına həsr edilmiş konsert olacaq.



Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/77779344/Azerbaycanin+pravoslav+xristianlari+Milad+bayramini+qeyd+edirler

На других источниках

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 22 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.61 san. generasiya edilib.