AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində çayçılıqla bağlı mühüm elmi tədqiqatlar aparılır

- Elm və təhsil - azertag.az ~ 7 дней назад. Просмотрено 7 раз.
AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində çayçılıqla bağlı mühüm elmi tədqiqatlar aparılır

Bakı, 12 yanvar, AZƏRTAC

Mədəni subtropik meyvə və texniki bitkilərin sort, forma, növ müxtəlifliklərinin vahid mərkəzdə toplanılması, digər xarici subtropik məntəqələrdən intraduksiya olunması, öyrənilməsi, seçilməsi, tətbiqi, bu bitkilərin genetik bankının yaradılması Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Lənkəran Regional Elmi Mərkəzinin (REM) prioritet istiqamətlərindəndir.

AMEA-dan AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun (ETİ) Lənkəran çay filialı bazasında elmi-tədqiqat işlərinin müştərək aparılması üçün müvafiq razılıq əldə olunub və əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, Lənkəran REM-in direktoru, professor Fərman Quliyevin elmi rəhbərliyi altında “Çay bitkisinin sort və formalarının toplanması, Lənkəran-Astara bölgəsi şəraitində introduksiya olunması, öyrənilməsi, ən qiymətlilərinin seçilməsi, yeni sortların yaradılması” mövzusu üzrə tədqiqat işləri aparılib. Tədqiqatlarda uzun illərdən bəri çay bitkisinin 30-dan çox sort və formaları toplanaraq Lənkəran çay filialının eksperimental kolleksiya plantasiyasında müqayisəli sınaqdan keçirilib.

Lənkəran çay-sitrus bitkiləri filialında çayın klassik və seleksiya üsulları ilə yaradılmış müxtəlif forma və klonları üzərində aparılan elmi-tədqiqat işlərinin nəticəsində 2015-ci ildə üç forma və klon, 2016-cı ildə isə bir forma və klon Dövlət Sort Sınağına qəbul olunub. Hərtərəfli öyrənilmiş bu perspektiv klon və formalar təsərrüfat göstəricilərinə görə rayonlaşdırılmış çay seleksiya sortundan – nəzarət variantından (“Azərbaycan-2”) çox yüksək göstəricilərə malikdir. Gələcəkdə bu sortların artırılıb təsərrüfatlara verilməsi ölkə ərazisində çayçılığın intensiv inkişafına imkan verəcək.

Lənkəran REM “Sitrus bitkilərinin mövcud sort və formalarının genefond kolleksiya bağının salınması, onların öyrənilməsi və seçilməsi, yeni sortların yaradılması” mövzusu üzrə Azərbaycan Meyvəçilik və Çayçılıq İnstitutunun Lənkəran çay filialında müştərək tədqiqat işlərinə başlamış və 2016-cı ildə Azərbaycan Meyvəçilik və Çayçılıq ETİ-nin Lənkəran çay filialında yeni sitrus bitkilərindən ibarət (limon, naringi, portağal, qreyfrut və s.) genefond bağı salınıb. Burada ölkə ərazisindən və xaricdən gətirilmiş, müxtəlif növ, sort və formadan ibarət 230 ədəd sitrus bitkisinin nümunələri müqayisəli öyrənilir.

Mərkəzdə, həmçinin “Lənkəran-Astara bölgəsində xalq seleksiyası yolu ilə əldə edilmiş meyvə sortlarının toplanması, introduksiya olunması və genefond-kolleksiya bağının salınması, öyrənilməsi, seçilməsi və yeni sortların yaradılması” mövzusu üzrə tədqiqatların aparılması üçün hazırlıq işləri görülür.

2017-ci və sonrakı illərdə çayın seleksiyasının müasir (klassik və klon) üsullarından və mutagen amillərdən (fiziki-kimyəvi) istifadə etməklə tərkibində yüksək miqdarda tanin və ekstraktiv maddələr olan, gözəl dada malik daha məhsuldar yeni çay sortlarının yaradılması üzərində işlərin aparılması nəzərdə tutulur. Bununla əlaqədar olaraq çay bitkisinin sort və formalarının toplanması, Lənkəran-Astara bölgəsi şəraitində introduksiya edilməsi, öyrənilməsi və ən qiymətlilərinin seçilməsi müəssisənin qarşısında duran mühüm vəzifələrdəndir.

Bu gün inkişaf dövrünü yaşayan Lənkəran REM-də qeyd olunan istiqamətlərdə elmi tədqiqatların aparılması, innovativ layihələrin həyata keçirilməsi AMEA-da və ölkəmizdə mühüm elmi nailiyyətlərin əldə edilməsində, cənub zonasında elmin tərəqqisində mühüm rol oynayacaq.



Постоянная ссылка:
http://arxiv.az/az/azertag.az/77958482/AMEA-nin+Lenkeran+Regional+Elmi+Merkezinde+cayciliqla+bagli+muhum+elmi+tedqiqatlar+aparilir

Сейчас смотрят


В системе 3332630 новостей.



Курсы валют - 20 Ян. 2017
azn
rur
eur
usd
try




Счетчик тИЦ и PR Яндекс.Метрика Рейтинг@Mail.ru
0.088 san. generasiya edilib.